"Küveytlə  Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq mövcuddur" - SƏFİR

20:09 12.02.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıfa Küveyt Dövlətinin 65-ci Milli Günü və 35-ci Qurtuluş Günü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Hafta.az yazır ki, hökumət rəsmiləri, millət vəkillərinin, diplomatic korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Küveytin Azərbaycandakı səfiri Məhəmməd Feysal əl-Mutairi çıxış edərək iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksəksəviyyəli əlaqələrdən danışıb. Bildirib ki, Küveytlə  Azərbaycan arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi sahəsində, həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək əməkdaşlıq və koordinasiya mövcuddur.

“14 fevral 2025-ci il tarixndə Küveyt Dövlətində iki ölkənin xarici işlər nazirlikləri arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ilk iclası keçirilmiş və nəticələri çox səmərəli olub. Ötən il ərzində ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verən digər əlamətdar hadisə apreldə Küveytdə Xarici İşlər nazirlərinin rəhbərlik etdiyi Əməkdaşlıq üçün Birgə Komissiyanın üçüncü iclasının keçirilməsi olub. Bu mühüm tədbir hər iki dost ölkənin rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanmış və əldə olunan müsbət nəticələr komissiyanın fəaliyyətinin gücləndirilməsinə olan inamını daha da möhkəmləndirib. Belə ki, qeyd olunan iclas çərçivəsində iclasın yekunlarına dair birgə bəyannamə və 2025-2027-ci illəri əhatə edən əməkdaşlıq üzrə müştərək yol xəritəsi qəbul olunub. Həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsi, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramları imzalanıb və iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib. Habelə komissiyanın növbəti dördüncü iclasının 2027-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub” deyən diplomat qeyd edib ki, ötən il ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi istiqamətində bir sıra qarşılıqlı rəsmi səfərlər də həyata keçirilib. Bu səfərlərdən Azərbaycanın iqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun Küveytə səfəri xüsusi qeyd olunmalıdır.

“Belə ki, səfər əsnasında Küveytdə iqtisadi, ticarət və investisiya sahələri üzrə bir sıra məsul şəxslərlə səmərəli görüşlər keçirilib. Küveyt tərəfindən isə Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən cənab Valed əl-Baharın Ərəb Koordinasiya Qrupunun nümayəndə heyəti ilə birgə Bakıya səfəri baş tutub. Səfər çərçivəsində keçirilən görüşlərdə Azəraycanla Körfəz Əməkdaşlıq Şurasına üzv ərəb dövlətləri arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib”, - səfir deyib.

Cənab Məhəmməd Feysal əl-Mutairi qeyd edib ki, Küveyt Dövləti bu il Bakı şəhərinin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal şəkildə iştirak edəcək. Bu  mühüm tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın regional və beynəlxalq müstəvidə özünəməxsus yeri və rolu olduğunu bir daha sübut edir.

Səfir turizm sahəsindən də söz açıb. Bildirib ki, son illər Küveytdən Azərbaycana turist axınının böyük sürətlə artdığı müşahidə edilir. Belə ki, hər il Azərbaycana gələn küveytli turistlərin sayı illik 30 min nəfəri ötür. O, hazırda ölkələrimiz arasında həftədə 4 aviareysin həyata keçirildiyini də diqqətə çatdırıb.

“Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə toxunaraq bildirmək istərdim ki, tələbə və təcrübə mübadiləsi, ortaq təhsil proqramlarının həyata keçirilməsi, universitetlər arasında əlaqələrin qurulması və sair yollarla bu əməkdaşlığı inkişaf etdirmək mümkündür. Bununla əlaqədar olaraq, ölkələrimizin bir-birinə yaxınlaşmasında təhsilin rolu və əhəmiyyətinə olan inamından çıxış edərək, Küveyt Dövləti Küveyt Universiteti nəzdində faəliyyət göstərən Dil Tədris Mərkəzində ərəb dilinin tədrisi ilə bağlı Azərbaycan vətəndaşlarına hər il yeddi vakant yer ayırır”, - səfir bildirib.

Azərbaycan hökuməti adından təbrik nitqi söyləyən xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan–Küveyt münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını, diplomatik əlaqələrin qurulduğu dövrdən bəri davamlı inkişaf etdiyini vurğulayıb.

Elnur Məmmədov işgal dövründə Küveytin Azərbaycanın ərazi bütövlüyü və süverenliyinin bərpasına verdiyi dəstəyin Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

O, son illər yüksəksəviyyəli səfərlərin, Birgə Komissiyanın iclaslarının, siyasi məsləhətləşmələrin və turizm əlaqələrinin genişlənməsinin əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını vurğulayıb.

Rəsmi hissənin sonunda Küveyt Dövlətinin səfiri tərəfindən xatirə hədiyyəsi təqdim olunub.